MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in 90 illiyi təntənə ilə qeyd edilmişdir VİDEO
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Bakıdakı “Dalğa Plaza”da Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in yaranmasının 90 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat və mədəniyyət nümayəndələri, KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Yubiley mərasimində “Azərnəşr”in direktoru Azər Mustafazadə bu qurumun tarixindən, fəaliyyətindən geniş söhbət açmışdır. Bildirmişdir ki, 1923-cü ildən bu günədək fasiləsiz fəaliyyət göstərən “Azərnəşr” təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dövlət nəşriyyatı olmuşdur. Azərbaycanda əhalinin savadlanmasında, elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın inkişafında “Azərnəşr”in böyük rolu vardır.
A.Mustafazadə vurğulamışdır ki, “Azərnəşr” ötən illər ərzində zamanın, dövrün tələbinə uyğun on minlərlə müxtəlif profilli kitab nəşr etmişdir. Təkcə onu demək kifayətdir ki, burada indiyədək milyonlarla tirajla on minlərlə adda kitab nəşr olunmuşdur. Qarabağ münaqişəsinin reallığına həsr olunmuş onlarla kitab rus, ingilis, fransız və s. dillərdə işıq üzü görmüşdür. Eyni zamanda, dövlət siyasətinin uğurla davam etdirilməsi yönündə respublikamızda yaşayan azsaylı xalqların dilində də (talış, tat, ləzgi, kürd, udin, xınalıq və s.) xeyli ədəbiyyat nəşr olunmuşdur. Respublikamızda yaşayan azsaylı xalqların dilində ədəbiyyat ilk dəfə “Azərnəşr”də çap edilmişdir. Dünya klassiklərinin ən gözəl əsərlərini, elmin və texnikanın qabaqcıl nailiyyətlərinə aid dünya alimlərinin dəyərli kitablarını da “Azərnəşr” doğma dilimizdə nəşr edib oxucularımıza çatdırmışdır.
Bildirilmişdir ki, son on ildə “Azərnəşr”də oxucular tərəfindən maraqla qarşılanan kitablar kimi ümummilli lider Heydər Əliyevin 46 cildliyi çapdan çıxmışdır.
Nəşriyyat yarandığı gündən Azərbaycanda milli ideologiyanın formalaşmasına, inkişafına, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etmişdir. Tam əminliklə deyə bilərik ki, “Azərnəşr” 90 ildə olduğu kimi, bundan sonra da xalqımızın maarifləndirilməsi, dövlətimizin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, 1920-ci ildən bəri respublikamızda söz və sənət adamlarının, görkəmli alim və ziyalıların yaradıcılığı birbaşa “Azərnəşr” ilə bağlı olmuşdur. Ölkəmizdə kitab nəşrinin inkişafında, mədəniyyətimizin təbliğində bu qurumun böyük rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsində, dövlətçiliyin daha da möhkəmləndirilməsində, müstəqilliyin əldə edilməsində və qorunub saxlanmasında misilsiz rol oynamış “Azərnəşr” son illər bu istiqamətdə fəaliyyətini daha da genişləndirmişdir.
Ə.Qarayev vurğulamışdır ki, Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Sərəncamı ilə “Azərnəşr”in bir qrup əməkdaşı “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilmişdir. Nazir mükafatlandırılanları və kollektivin bütün üzvlərini yubilyey münasibətilə təbrik etmişdir.
Sonra mükafatlar sahiblərinə təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı, şair Çingiz Əlioğlu və başqaları çıxış edərək “Azərnəşr”in fəaliyyətini yüksək qiymətləndirmiş, kollektivə daha böyük uğurlar arzulamışlar.