ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetində 28 May-Respublika Günü qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May-Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (ACX) yaranmasının 97-ci ildönümünün tamam olduğunu diqqətə çatdırıb.
F.Rzayev qeyd edib ki, AXC-nin liderləri yeni yaradılmış müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınması üçün ciddi diplomatik iş aparıblar. Belə ki, 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycanın dövlət müstəqilliyi de-fakto tanınıb. Buna qədər qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaradılaraq 20-dən çox dövlətlə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurulub.
Tədbirdə ümumi tarix kafedrasının dosenti Səmayə Mustafayeva “28 May-Respublika Günü” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövrü xalqımızın milli tarixi üçün böyük əhəmiyyət daşıyır. 1918-ci ilin qanlı 31 mart hadisələri may ayının 28-də AXC-nin elan edilməsinə təkan verib. AXC çox ağır və mürəkkəb tarixi-siyasi şəraitdə fəaliyyət göstərib. Bəzi xarici dövlətlərin Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan vermək istəməməsi, xüsusilə də erməni silahlı dəstələrinin Qarabağda və Zəngəzurda yaratdığı qarşıdurmalar, onların xalqımıza qarşı törətdikləri vəhşiliklər, həmçinin parlament daxilində hökm sürən hərc-mərclik AXC-nin normal fəaliyyət göstərməsinə ciddi mənfi təsir göstərirdi. Lakin buna baxmayaraq, AXC öz dövlətçilik atributlarını qəbul edib, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində böyük əhəmiyyətə malik ciddi addımlar atıb.
Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətini tariximizin şanlı və böyük qürur doğuran səhifəsi kimi səciyyələndirib, onun dövlətçiliyimizin əsaslarının zənginləşməsində mühüm rolu olduğunu qeyd ediblər.