ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universitetində bayram şənliyi
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Novruz çərşənbəsi” adlı bayram şənliyi keçirilib.
Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələr, Milli Məclisin deputatları iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bayram şənliyində əvvəlcə tələbələrin Novruz bayramına həsr etdikləri rəsm sərgisinə və bayram xonçalarına baxış keçirilib. Sonra “Azərbaycan kinofilmlərinə səyahət” adlı konsert proqramı təqdim edilib. Konsert proqramında Azərbaycanın müxtəlif kinofilmlərindən fraqmentlər nümayiş etdirilib. Milli geyimdə olan tələbələrin musiqi sədaları altında Novruz bayramı ilə əlaqədar hazırladıqları şeirlər, səhnələr, ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda, Novruzun personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Xalq Artisti Zabit Nəbizadənin ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb.
Tələbələrin Novruz bayramına həsr etdikləri bayram xonçalarına baxış keçirilib və ən yaxşı xonçanın sahibi müəyyən edilib. Qeyd edək ki, xonça yarışında musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin tələbələri qalib gəliblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın qarşısında yeni çağırışlar, yeni hədəflər dayanır. Rektor tələbələrə müraciət edərək bu çağırış və hədəflərə cavab vermək üçün yaxşı oxumağı, Vətənimiz, xalqımız, millətimiz, dövlətimiz üçün layiqli vətəndaş, yüksək səviyyəli müəllim kimi yetişməyi tövsiyə edib.
Sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbələr tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyi universitetin kollektivinin böyük sevincinə səbəb olub.