MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Pedaqoji Universitetində mədəni irs və arxeoloji turizmlə bağlı elmi-praktiki konfrans
Bakı, 3 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının dəstəyi ilə mədəni irs və arxeoloji turizm mövzusunda elmi-praktiki konfrans keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, ADPU-nun prorektoru, professor Vilayət Əliyev Azərbaycan arxeologiya elminin son nailiyyətlərindən və Azərbaycanda turizmin inkişafından danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Məleykə Hüseynova Azərbaycanda turizmin inkişaf perspektivləri və potensialı haqqında məlumat verib. Son illər Azərbaycanda bu sahədə görülən işlərdən və gələcəkdə nəzərdə tutulan layihələrdən danışan M.Hüseynova 2014-cü ildə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə həyata keçirilən “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsindən bəhs edib. Dörd ölkəni - Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanı əhatə edən layihənin 2015-ci ildə də davam edəcəyi bildirilib. Bu layihə çərçivəsində təşkil olunacaq arxeoloji düşərgələr gənclərin mədəni irs abidələrimizi tanımaları ilə yanaşı, onların arxeologiyaya və qədim tariximizə maraqlarını da artıracaq.
“MİRAS” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yeni yaranmasına baxmayaraq, arxeoloji turizmə marağın gedərək artdığını bildirib. O, Azərbaycanda yeni arxeopark və arxeoloji turizm komplekslərinin yaradıldığını vurğulayıb. Orta əsrlərə aid Ağsu şəhəri arxeoloji turizm kompleksi haqqında geniş məlumat verən Fariz Xəlilli ADPU-nun tələbələrini Qafqaz Albaniyasına məxsus Mehrəvan qalasında Ağsu arxeoloji ekspedisiyasının təşkil edəcəyi arxeoloji düşərgəyə dəvət edib.