Azərbaycan Dövlət Pedaqoji Universitetində tanınmış yazıçı ilə görüş keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış yazıçı, publisist, şair Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Mətanət Ulu Şirvanlının “And iç, əsgər” kitabının təqdimatı olub. Nəşr barədə məlumat verən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov bu poema-pyesdəki hadisələrin mahiyyətindən danışıb. Bildirilib ki, M.Ulu Şirvanlının şeirlərinin əsas qayəsini el-oba təəssübkeşliyi, Vətənə məhəbbət motivləri təşkil edir.
ADPU-nun professorları Himalay Qasımov, İsmayıl Kazımov, Kamil Bəşirov yazıçının “Salam, qoca” esseler kitabını konseptual düşüncə mənbəyi kimi səciyyələndiriblər. Poetik enerjisi, güclü olan, bir sıra yaradıcılıq aspektlərində qələmini sınaqdan çıxaran M.Ulu Şirvanlının ədəbi-bədii, fəlsəfi düşüncələrini dəyərləndirən alimlər diqqətə çatdırıblar ki, müəllif qələmə aldığı nəsr əsərlərində öz təxəyyülünə sığınır. Ətraf mühitin seyri və şəxsi müşahidəsi M.Ulu Şirvanlının bədii yaradıcılığına rəngarənglik və dinamiklik gətirir.
Yazıçının çapa hazırlanan “Ötən əsrin sədası” kitabı barədə məlumat verən professor K.Bəşirov vurğulayıb ki, etnoqrafik nümunələrlə zəngin olan bu əsər böyük oxucu auditoriyası üçün nəzərdə tutulub.
M.Ulu Şirvanlı görüşün təşkilinə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova, müəllim və tələbələrə minnətdarlığını bildirib.
Tədbir M.Ulu Şirvanlının şeirləri əsasında tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda tələbələrə M.Ulu Şirvanlının kitabları paylanılıb.