ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji və Kazan Federal universitetləri arasında müqavilə imzalanıb
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Tatarıstanın Kazan Federal Universiteti Yelabuj İnstitutunun direktoru xanım Yelena Merzon ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ADPU ilə Yelabuj İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə universitetlərin fəaliyyət istiqamətlərinin perspektivlərinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icrası üçün alim və mütəxəssislərin mübadiləsi, müştərək elmi-texniki konfranslar, simpozium, sərgi və seminarların keçirilməsi, elmi-texniki informasiyanın, sənədlərin, dövri elmi nəşrlərin, reklam-informasiya materiallarının mübadiləsi, birgə nəşriyyat fəaliyyəti, elmi işlərin, almanaxların, illik icmalların və s. nəşri nəzərdə tutulub.
Professor C.Cəfərov və Y.Merzon iki ali təhsil müəssisəsi arasında elmi müqavilənin bağlanmasından razılıqlarını bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.