MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaqların zövqünü oxşayan musiqilər səsləndirəcək
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyası 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə geniş konsert proqramı ilə çıxış edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim olunacaq konsertdə uşaqların zövqünü oxşayan musiqilər səsləndiriləcək.
Qeyd edək ki, cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarixlə əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir.