CƏMİYYƏT


Azərbaycan Dünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının 56-ci sessiyasında təmsil olunub

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 3-dən 5-dək Cenevrədə Dünya Əqli Mülkiyyət Təşkilatına (DƏMT) üzv ölkələr Assambleyasının 56-ci sessiyasında iştirak edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, assambleyanın sessiyasında çıxış edən R.Həsənov əqli mülkiyyət hüquqlarının qorunması üzrə DƏMT-in fəaliyyətinin ölkəmiz üçün maraq kəsb edən istiqamətlərini qeyd edib. Ölkə rəhbərliyinin insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafını prioritet müəyyən etdiyini vurğulayan R.Həsənov Azərbaycanda yüksək texnologiyalar və innovasiyalara dəstək olacaq müasir patent sisteminin inkişafında DƏMT ilə qarşılıqlı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

Səfər çərçivəsində Ramiz Həsənovun DƏMT-in baş direktoru Frensis Qarri ilə görüşü olub. Görüşdə milli patent sisteminin inkişafında DƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub.

F.Qarri Azərbaycana səfəri zamanı imzalanmış Anlaşma Memorandumunun icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın ölkəmizin əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb.

R.Həsənov təşkilatın Bakıda ofisinin təsis olunmasında maraqlı olduğunu vurğulayıb. Məsələ ilə əlaqədar F.Qarri üzv ölkələrin regional qrupları arasında konsensusdan asılı olaraq xarici ofislərin təsis olunacaq bölgələr arasında ardıcıllığının müəyyənləşəcəyini qeyd edib.

Sonra DƏMT-in bir neçə departamentində işçi görüşlər keçirilib, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğu müzakirə edilib. Eyni zamanda, Assambleya zamanı bir sıra ölkələrin patent qurumlarının nümayəndələri ilə ikitərəfli əməkdaşlıq perspektivləri və təşkilat çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.