İQTİSADİYYAT


Azərbaycan “EXPO-2017” Beynəlxalq Sərgisində iştirak etmək üçün pavilyonu təhvil alıb

A+ A

Bakı, 27 yanvar, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində Azərbaycan Milli Pavilyonu üçün ayrılmış yerin təhvil alınmasını təsdiqləyən sənəd imzalanıb. Sənədi “Astana EXPO-2017” Milli Şirkətinin Sərginin inşası üzrə baş direktoru Bolatkan Sandıkbayev və Azərbaycanın Energetika Nazirliyinin aparat rəhbəri İftixar Hüseynov imzalayıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 10-dan sentyabrın 10-dək davam edəcək sərgidə Azərbaycan Milli Gününün iyulun 9-u tarixində keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı “EXPO 2017” sərgisində təmsil edəcək milli seksiyanın komissarı energetika naziri Natiq Əliyevdir.

403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan milli pavilyonu istifadə üçün lazımi vəziyyətdədir. Pavilyonun “Odlar Yurdu - Keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan konsepsiyası isə Azərbaycan tarixi, mədəniyyət və incəsənəti, elmi, insan kapitalı, tolerantlıq ənənələri, ölkəmizin müasir iqtisadiyyatı, Xəzər, Qədim İpək Yolu, Qobustan kimi dəyərlərimizi nümayiş etdirir. Azərbaycanda ənənəvi enerjidən alternativ enerjiyə keçidin tarixi təkamül yolunun bu dəyərlər kontekstində təqdimatı nəzərdə tutulur.

“EXPO- 2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. Sərgi enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması və sair bu kimi mövzulara həsr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.