İDMAN
Azərbaycan FİDE-nin yeni reytinq cədvəlində 163 ölkə arasında 13-cü pillədədir
AZƏRTAC xəbər verir ki, ölkələrin reytinq cədvəlində Azərbaycan 163 ölkə arasında 13-cü pillədədir.
Dünyanın ilk 100 ən güclü şahmatçıları arasında 3 həmyerlimiz yer alıb. Təmsilçilərimizdən ən yüksək reytinqə malik Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2764 beynəlxalq əmsalla ilk onluqda qərarlaşıb. Teymur Rəcəbov 8 pillə irəliləyərək 2726 əmsalla 25-ci, Rauf Məmmədov 2667 əmsalla 80-ci pillədə qərar tutub.
Sürətli şahmat üzrə dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeyster Teymur Rəcəbov 2776 əmsalla 12-ci, Şəhriyar Məmmədyarov isə 2739 əmsalla 21-ci pillədədir.
Blits üzrə isə beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2824 əmsalla 6-cı yerdə, Rauf Məmmədov 2767 əmsalla ilk onluqda qərarlaşıb. Teymur Rəcəbov isə 2715 əmsalla 34-cü yerdədir.
Beynəlxalq usta Günay Məmmədzadə (2316), beynəlxalq usta Səbinə İbrahimova (2271) və FİDE ustası Nərmin Xələfova (2166) 100 ən güclü şahmatçı qızların siyahısında yer alıblar.
Oğlanlar arasında beynəlxalq qrossmeysterlər Nicat Abasov, Ülvi Bacarani və beynəlxalq usta Zaur Məmmədov 100 ən güclü gənc şahmatçılar siyahısındadırlar.