MƏDƏNİYYƏT
Azərbaycan Fes Festivalında “İnci” qrupu ilə təmsil olunur
Fes, 6 may, AZƏRTAC
Mərakeş Kralı VI Məhəmmədin himayəsi ilə keçirilən 22-ci Fes Festivalı bu gün başlayır. Festivalın açılış mərasiminin ssenarisi “Min bir gecə” nağılları motivi əsasında hazırlanıb.
Azərbaycan builki festivalda Beynəlxalq Muğam Mərkəzinin və Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının dəstəyi ilə respublikanın Əməkdar Artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qızlar qrupu ilə təmsil olunur.
“İnci” ansamblı Festivalın açılış mərasimində “Bayatı-Şiraz” muğamını və “Nəlbəki” rəqsini ifa edəcək. Festivalda “İnci” qrupunu tanınmış dirijor Rəmzi Abu Redvanın rəhbərlik etdiyi müxtəlif ölkələrin musiqiçilərindən ibarət orkestr müşayiət edəcək. Festival çərçivəsində “İnci” qrupunun konserti də nəzərdə tutulub.
Müxtəlif ölkələrin musiqilərindən bəhs edən "Ethnopholia" film layihəsi çərçivəsində 2015-ci ildə ölkəmizə səfər edən livanlı müğənni Abeer Nehme bir çox musiqi kollektivləri ilə görüşüb və “İnci” ansamblı ilə birlikdə “Ay Laçın” mahnısını ifa edib. Filmin montaj zamanı festivalın musiqi direktoru Alen Veber “İnci” qrupunun çıxışını yüksək qiymətləndirərək, onu festivala dəvət edib. Artıq bir neçə ildir ki, ölkəmiz Fes Festivalında tanınmış musiqiçilərlə təmsil olunur və hər dəfə festival təşkilatçılarının və iştirakçılarının rəğbətini qazanıb.
Müxtəlif mədəniyyətlərin və dinlərin dialoquna çevrilən Fes Festivalını 2001-ci ildə BMT sivilizasiyaların dialoquna böyük töhfə kimi qiymətləndirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Fes