İQTİSADİYYAT
Azərbaycan Fibrosement zavodunun məhsulları tikinti bazarına bir sıra yeniliklər gətirəcək
Bakı, 29 iyul, Ramiz Quliyev, AZƏRTAC
Fibrosement tikinti materialları Azərbaycanda bir çox illərdir ki, mövcuddur. Lakin tikinti materialları bazarında tanınmayıb və xüsusi bir çəkisi olmayıb. Bunun əsas səbəblərindən biri də Azərbaycanda yerli istehsalın olmamasıdır.
“Synergy Group” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyəti sədrinin birinci müavini Fəxriyar Cabbarov AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanın ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC müasir tikinti materiallarının istehsalına iri həcmli sərmayə yatırır. Bazar araşdırması zamanı fibrosementin ən mütərəqqi tikinti materiallarından biri olduğu müəyyən edilib və yerli bazarda bu materiala böyük ehtiyac olduğu nəzərə alınıb.
2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Vyanada təşkil olunmuş Avstriya-Azərbaycan biznes forumu çərçivəsində dünyada tanınmış “MFL” şirkəti ilə “Synergy Group” arasında Anlaşma Memorandumu imzalanıb. Bu memoranduma əsəsən “MFL” fibrosement məhsullarının istehsalı üçün xüsusi tələblərə cavab verən və regionda analoqu olmayan “təbiətə dost” texnologiyalı zavod layihələndirib. Həmin məhsulun istehsalını qurmaq məqsədilə “Synergy Group” “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis edib. Müasir texnologiyalara söykənərək, AFC Qafqaz regionunda ətraf mühitə təsir etmədən bir neçə suala innovativ həll yolları təqdim edəcək.
Müəssisənin istehsal həcmindən söz açan F.Cabbarov deyib ki, Azərbaycan Fibrosement zavodu ildə 6 milyon kvadratmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edə biləcək. Bu zavodun işə düşməsi həm də Azərbaycanda yeni iş yerlərinin yaradılmasına təkan verəcək. Müəssisədə ilkin olaraq 150 nəfərin çalışması nəzərdə tutulsa da, əlavə 100-lərlə insan biznesin fərqli köməkçi istiqamətlərində iştirak edəcək. Zavodun inşası yerli iqtisadiyyat üçün daha geniş imkanlar yaradacaq: “Apardığımız tədqiqata əsasən əminik ki, regionda analoqu olmayan bu zavodun fibrosement məhsullarının böyük ixrac potensialı olacaq. Hazırda inşaat mərhələsində olan Azərbaycan Fibrosement zavodu 2017-ci ildən istifadəyə veriləcək”.
İşlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün tanınmış konsultasiya şirkəti cəlb olunub. “Synergy Group” fibrosement məhsulları ilə yerli bazara öz töhfəsini verməklə yanaşı, iqtisadiyyatın diversifikasiyasına və ixracyönümlü olmasına əlavə təkan verəcək.