ELM VƏ TƏHSİL
Azərbaycan-Fransız Universitetinin təqdimatı olub
Bakı, 26 may, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı şəhəri üzrə birinci ixtisas qrupuna imtahanlara hazırlaşan XI sinif şagirdləri üçün 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə başlayacaq Azərbaycan-Fransız Universitetinin (UFAZ) təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, ADNSU-nun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkil etdiyi tədbirdə şagirdlərlə yanaşı, məktəb direktorları, müəllim və valideynlər iştirak ediblər.
Universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ADNSU 1920-ci ildə yaradılıb və hazırda yeddi fakültədə 9 minədək tələbə bakalavriat, magistratura, doktorantura səviyyəsində təhsilini davam etdirir. Onların tədrisi ilə 684 professor və müəllim məşğul olur. Universitetin elmi potensialı imkan verir ki, Azərbaycan üçün, eləcə də region üçün yüksək ixtisaslı kadrlar hazırlansın.
Rektor ADNSU-da Azərbaycan və Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - UFAZ-ın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb, layihə ilə bağlı fikir və təkliflərini bildirib.
Strasburq Universiteti ilə ADNSU-nun birgə həyata keçirdiyi layihənin əhəmiyyətini qeyd edən Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez bildirib ki, Azərbaycan-Fransız Universitetinin yaradılması tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edir. Layihə çərçivəsində məzunlara Fransada və Azərbaycanda tanınacaq ikili diplom təqdim olunacaq. UFAZ-da Fransanın və Azərbaycanın müəllimlərindən ibarət beynəlxalq akademik heyət tədris aparacaq. Layihəyə əsasən, burada digər fransız universitetlərinin iştirakı da nəzərdə tutulur.
Sonra Azərbaycan-Fransız Universiteti ilə bağlı geniş təqdimat olub.
Qeyd olunub ki, 2015-ci il aprelin 25-də Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb. Ötən il mayın 22-də “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. 2016-2017-ci tədris ilində universitetə 120 tələbə qəbul olunacaq. İlk tədris ilində qəbul olunan tələbələr 4 il müddətində dövlət hesabına təhsil alacaqlar. Tədris ilkin mərhələdə tam ingilis dilində aparılacaq. Bəzi ixtisaslarda dərslərin fransız dilində aparılacağı nəzərdə tutulur. İlkin mərhələdə təhsil bakalavriat pilləsi üzrə təşkil ediləcək. Gələcəkdə magistr hazırlığı da aparıla bilər. 2017-2018-ci və sonrakı tədris illəri UFAZ-da təhsil ödənişli olacaq. İlk mərhələdə universitetdə dörd ixtisas üzrə - kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft-mexanika üzrə ingilis dilində tədris aparılması, daha sonra isə ixtisas istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub. Gələcəkdə inşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil edilməsi planlaşdırılır. Universitetdə əcnəbi tələbələrin - Fransa və digər ölkələrdən olan vətəndaşların təhsil alması üçün lazımi baza yaradılacaq. UFAZ-da idarəçilik Fransa universitetlərində tətbiq olunan prinsiplər əsasında həyata keçiriləcək. Universitet Azərbaycan və Fransa ali məktəbləri arasında birgə elmi-tədqiqat layihələrini həyata keçirəcək və əlaqələndirəcək. Müvafiq ixtisaslar üzrə Fransa və Azərbaycan müəllimlərinin, tələbələrin iştirakı ilə yay və qış məktəblərinin təşkili nəzərdə tutulur. UFAZ-da Azərbaycanın orta məktəb məzunlarının birbaşa Fransa ali məktəblərində təhsil almalarını təmin edən hazırlıq proqramı, eləcə də ingilis və fransız dilləri üzrə tələbə və müəllimlər üçün dil hazırlığı kursları təşkil olunacaq.
Sonda şagirdlərin sualları cavablandırılıb.