SİYASƏT


Azərbaycan-Fransa əməkdaşlığının inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Dövlət katibi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edib, səfərinin məqsədinin Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində Azərbaycanda uğurla həyata keçirilən elektron hökumət və əhaliyə operativ, şəffaf xidmət göstərilməsi sistemi ilə tanışlıq olduğunu bildirib. O, bu məqsədlə Azərbaycanda bir sıra dövlət qurumlarında görüşlər keçirdiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində elektron hökumətin təkmilləşdirilməsi, əhaliyə xidmət sahəsində şəffaflığın artırılması üzrə ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, bu çərçivədə Azərbaycanda yaradılmış “ASAN xidmət” modelinin səmərəli fəaliyyətindən danışıb, bir çox ölkələr tərəfindən bu modelə xüsusi maraq göstərildiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edilib. Bakıda yenicə açılmış Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verib. O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.