CƏMİYYƏT


Azərbaycan-Fransız Universitetinin açılışı olub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə başlayan Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, bu ölkənin Təhsil Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın müəllim və tələbələri, valideynlər iştirak ediblər.

M.Cabbarov ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, Azərbaycan-Fransız Universitetinin yaradılmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılan UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir.

Nazir layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) tələbə qəbulu həyata keçirilib. Tədris Fransa universitetlərindən cəlb edilən, həmçinin yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən birinci qrup üzrə 500-dən artıq bal toplamış 300-dək abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120-si nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. O, UFAZ-ın təhsilə töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar. Qonaqlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, 2015-ci il aprelin 25-də Fransa Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı ölkəmizin təhsil naziri ilə Fransanın milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış universitet əməkdaşlığı sahəsində niyyət məktubu və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 iyun tarixli Sərəncamına əsasən, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyətə başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.