ELM VƏ TƏHSİL
Azərbaycan Gənc Alimlərinin birinci Qurultayı təşkil ediləcək
Bakı, 15 fevral, AZƏRTAC
Cari ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin I Qurultayı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar akademiyanın rəyasət heyətinin fevralın 15-də keçirilmiş iclasında qəbul edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkəmizdə gənclər siyasətinin inkişaf etdirilməsi, gənc nəslin elmə cəlb olunması və yaradıcılıq potensialının artırılması, həmçinin gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin həlli vacib məsələlərdəndir.
İclasda AMEA rəyasət heyətinin Elm və Təhsil İdarəsinə, Gənc Alim və Mütəxəssislər Şurasına Təhsil Nazirliyinin müvafiq qurumları ilə birgə bir ay müddətində tədbirlər planının hazırlanaraq akademiyanın rəyasət heyətinə təqdim edilməsi tapşırılıb.