İDMAN


Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir.

AZƏRTAC xəbər verir ki, yayın ilk günlərində - iyunun 9-10-da kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, o cümlədən akrobatika üzrə 24-cü ölkə birinciliyi keçiriləcək.

İki gün davam edəcək yarışda 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, “Ocaq Sport” Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.

Yarışların ilk günü balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayacaq.

Daha sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.

Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar nümayişləri ilə yarışlara yekun vurulacaq.

Yarışa biletləri Milli Gimnastika Arenasının kassasından əldə etmək olar. Biletlərin qiyməti 3 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.