İDMAN
Azərbaycan Güləş Federasiyası və Dünya Güləş Birliyi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Güləş Federasiyası (AGF) Dünya Güləş Birliyinin (DGB) fəal üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin federasiyaları ilə əməkdaşlıq edir. Bu günlərdə İstanbulda Yaşar Doğunun xatirəsinə təşkil olunmuş 44-cü beynəlxalq turnirdə fəxri qonaq qismində iştirak edən AGF-nin birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, AGF rəsmisi Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın, həmçinin İstanbulda səfərdə olan Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç və İcraiyyə Komitəsinin digər üzvləri ilə dünyada güləşin bugünkü vəziyyəti və gələcək inkişafı barədə fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlıqlar, eləcə də AGF və DGB arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.
Səfər çərçivəsində AGF-nin birinci vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevi federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov və baş katib Rəşad Əli-Zadə müşayiət edib.