CƏMİYYƏT
Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti müzakirə olunub VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili ilə Dövlət Sərhəd Хidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının kоmаndаnı generаl-pоlkоvnik Elçin Quliyev arasında görüş keçirilib.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti və onun inkişaf meyilləri müzakirə olunub. Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan–Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirildiyini vurğulayıb, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.
Bununla yanaşı, görüşdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20 faiz işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərdən transsərhəd cinayətkarlıqda istifadə olunduğu xüsusi vurğulanıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.