SİYASƏT
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə həmçinin hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri və Azərbaycanın əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.
Görüşdə dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.
Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib.
Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.