SİYASƏT


Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir

Bakı, 16 dekabr, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü bildirib, həmçinin iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən Levan İzoria Prezident İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib. Strateji tərəfdaşlıq və dostluğun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğulayıb.

Nazir, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əsasda hərbi sahədə əməkdaşlığına toxunaraq, bu formatda nazirlər səviyyəsində tezliklə beşinci görüşün keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə nazirlər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ciddi riayət olunmasının zəruriliyini qeyd ediblər. Həmçinin tərəflər Azərbaycan və Gürcüstanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləməsini və hər iki ölkənin üzləşdiyi münaqişələrin məhz bu prinsiplər əsasında həll edilməsinə dair mövqelərini yüksək qiymətləndiriblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.