İQTİSADİYYAT
Azərbaycan Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransında iştirak edir
Kaxetiya, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransı işə başlayıb. Konfrans Dünya Turizm Təşkilatının (DTT) Gürcüstan Milli Turizm Administrasiyası ilə birgə əməkdaşlığı şəraitində keçirilir.
Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkəsinin böyük turizm potensialına malik olduğunu bildirib. Baş nazir deyib ki, şərabçılıq turizmi tələbatın şaxələndirilməsi üçün böyük imkanlar yaradır. Bu baxımdan Gürcüstanda mövcud potensial hamıya yaxşı məlumdur. Biz DTT-nin Şərabçılıq Turizmi I Qlobal Konfransını ölkəmizdə keçirməsindən məmnunuq.
Baş nazir turizmin inkişafı və bu sahədə region ölkələri ilə əməkdaşlığın faydalı olduğunu bildirib. O, qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
DTT-nin baş katibi Taleb Rifahi turizmin inkişaf perspektivləri və bu sahədə gəlirlər barədə ətraflı məlumat verib.
Sentyabrın 9-dək davam edəcək konfransın sessiyaları ölkənin Kaxeti bölgəsindəki müxtəlif şərabçılıq zavodlarında keçiriləcək. İştirakçılara ekspertlərlə diskussiyalarda iştirak etmək imkanı yaradılacaq.
Konfransda 42 ölkədən, o cümlədən Azərbaycandan 250 nümayəndə və ekspert iştirak edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi