İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” QSC ilə “Türk Hava Yolları” şirkəti arasında kod-şerinq sazişi imzalanıb
Bakı, 16 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC ilə “Türk Hava Yolları” şirkətləri arasında Azərbaycandan Türkiyəyə və əks istiqamət üzrə martın 29-da qüvvəyə minəcək kod-şerinq sazişi imzalanıb.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, bu saziş sərnişinlərə iki ölkə arasında səfərlərini planlaşdırmaq və münasib reyslərlə daha rahat birləşmələr seçmək üçün müxtəlif imkanlardan faydalanmağa şərait yaradır. Kod-şerinq sazişi çərçivəsində “Azərbaycan Hava Yolları”nın Bakı-İstanbul ("Atatürk"/"Sabiha Gökçen")-Ankara reyslərində “Türk Hava Yollar”nın marketinq kodu yerləşdirəcək. “Azərbaycan Hava Yolları”nın marketinq kodu isə öz növbəsində “Türk Hava Yolları”nın İstanbul ("Atatürk")-Bakı-Naxçıvan (Gəncə) və İstanbul ("Sabiha Gökçen")–Bakı reyslərində yerləşdiriləcək.
Bundan əlavə, İstanbul və Bakıdan əlavə sektorlarda Xüsusi Proreyt Sazişinin şərtlərinə əsasən, hər iki aviaşirkət sərnişinlərə öz reyslərinin geniş şəbəkəsini təklif edəcək.