İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” uçuşların dəqiqliyinə görə birinci yerə layiq görülmüşdür VİDEO
Bakı, 13 mart (AZƏRTAC). Ölkəmizin milli aviasiya şirkəti olan “Azərbaycan Hava Yolları – AZAL” Qapalı Səhmdar Cəmiyyəti Moskvanın “Domodedovo” Beynəlxalq Aeroportu tərəfindən keçirilən qiymətləndirmədə uçuşların dəqiqliyinə görə birinci yerə layiq görülmüşdür.
AZƏRTAC “Domodedovo” Beynəlxalq Aeroportunun saytına istinadla xəbər verir ki, hava limanının tərəfdaşı olan “S7” qrupu fevral ayının nəticələrinə əsasən cədvəl üzrə aviareysləri dəqiq yerinə yetirən şirkətləri müəyyənləşdirmişdir. “Rossiya”, “Polyot”, “İjavia”, “Lufthansa”, SWISS, “Azərbaycan Hava Yolları”, “Aegean Airlines” şirkətləri liderlər arasındadır.
Qiymətləndirmədə yeddinci və səkkizinci kateqoriyalarda liderlik müvafiq olaraq “Azərbaycan Hava Yolları”na və “Aegean Airlines”ə məxsusdur.
Qeyd edək ki, milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları”nın təyyarə parkı “Airbus A-320”, “Boeing-757-200”, “Airbus A-319”, “Airbus A-340-500”, “Embraer” və “Boeing-767-300ER” tipli ən müasir avialaynerlərə malikdir. Şirkətin təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur.