ELM VƏ TƏHSİL
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fəal gəncləri mükafatlandırıb
Bakı, 31 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən ali məktəb tələbələri arasında təşkil edilən futzal üzrə idman yarışının, “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaliblərinin, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarının və ötən il müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğur qazanmış bir qrup gənclərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının təhsilə, mədəniyyətə, idmana daim böyük önəm verdiyini deyən AHİK-in sədri diqqətə çatdırıb ki, müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Mehbalıyev bildirib ki, ATİAHİRK tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırır.
Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin, mədəniyyətin və idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək.
Sonda futzal üzrə idman yarışının, “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinə, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçısı olan ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrinin 27 təhsil işçisinə mükafatlar təqdim edilib.