SİYASƏT
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Respublika Günü qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May - Respublika Günü münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, AHİK sədrinin müavini Cavanşir Alxasov tədbiri açdıqdan sonra tarix elmləri doktoru Vəkil Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünə dair məruzə ilə çıxış edib. O bildirib ki, 1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövr olub. Azərbaycan məhz bu dövrdə ilk dəfə olaraq dövlət suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışıb. Bu dövr millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini qoyub. İki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu iki ildə Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası Azərbaycan xalqının həyatında çox böyük hadisədir. Qısa bir vaxtda Azərbaycan parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik bir respublikaya çevrildi. XX əsrin əvvəllərində monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət ilk dəfə Azərbaycanda quruldu.
Bildirilib ki, Cümhuriyyətin rəhbərliyi çox çətin şəraitdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı mühüm işlər gördü, sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza olan iqtisadi qanunlar qəbul etdi, dövlətin iqtisadi siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanlarını, Dövlət Bankını formalaşdırdı. Xalq Cümhuriyyətinin dövlət quruculuğunda göstərdiyi bütün cəhdlərə baxmayaraq, hadisələrin sonrakı gedişi nəzərdə tutulan tədbirlərin çoxunu həyata keçirməyə imkan vermədi. Onun 23 aylıq fəaliyyəti isə Azərbaycan xalqının taleyində çox mühüm hadisə oldu. Qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan Azərbaycan Xalq Cümhuriyyətinin topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir.
Məruzəçi bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi Konstitusiya, respublikada qəbul edilmiş hüquqi və siyasi aktların hamısı dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, demokratiyanın inkişafına xidmət edir.
Məruzədə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında əldə etdiyi nailiyyətlərdən, diplomatiyamızın uğurlarından ətraflı şəkildə bəhs edilib.
Bildirilib ki, Azərbaycanın aparıcı dövlətlər tərəfindən dəstəklənən siyasi, diplomatik uğurları və hücum diplomatiyası sayəsində Ermənistanın işğalçı siması ifşa edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunub. Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad edilməsi üçün bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev varislik ənənələrinə sadiq qalmaqla Azərbaycanın müstəqil ölkə kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Həyata keçirilən siyasət Azərbaycanın bölgədə tam müstəqil respublika kimi mövcudluğuna əbədi təminatdır.
Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar dövlət və qlobal böhran şəraitində belə davamlı inkişaf edən ölkə kimi dünyanı heyrətləndirir. Prezident İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Respublikamızda bütün milli və dini icmalara bəslənilən həssas münasibət, bərabər imkanlar multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mühüm addım olacaq. Eyni zamanda, bu il ölkəmizdə BMT-nin Sivilizasiyalar Assambleyasının VII Qlobal Forumunun keçirilməsi də bunun üçün böyük imkanlar yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək, dövlətçiliyimizin qorunmasına etibarlı təminat yaradılacaq. Çünki Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin iqtisadi maraqlarının və siyasi sisteminin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.