SİYASƏT
Azərbaycan Hökuməti ilə Rusiyanın Sankt-Peterburq Hökuməti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov Rusiya Federasiyasının Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Smolnı hökumət iqamətgahında keçirilən görüşdə Xarici Əlaqələr Komitəsinin MDB ölkələri və Rusiya Federasiyası Regionlarının İnformasiya İdarəsinin rəisi Svetlana Jurkina və baş konsulluğun diplomatları iştirak ediblər.
Yevgeni Qriqoryev Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında mövcud olan əməkdaşlıq əlaqələri və dostluq münasibətləri barədə danışıb.
Baş konsul Sultan Qasımov Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin tarixi və mehriban qonşuluq siyasəti üzərində qurulduğunu qeyd edib, ölkəmizin Rusiyanın bir çox bölgələri, o cümlədən Sankt-Peterburq ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib.
Tərəflər səmərəli əməkdaşlığın inkişafı üçün həlli aktual olan məsələləri müzakirə ediblər. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın birinci iclasının təşkili və baş konsulluq üçün inzibati binanın ayrılması məsələsinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı baş konsul Azərbaycan ilə Sankt-Peterburq arasında turizm və kənd təsərrüfatı məhsullarının ixracı sahələrində səmərəli əməkdaşlığın inkişaf etdirilməsindən söhbət açıb. O bildirib ki, Azərbaycanda turizm sahəsində aparılan ciddi islahatlar nəticəsində bu sektorda mühüm irəliləyişlər müşahidə olunur.
Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev qeyd edilən sahələrdə əməkdaşlığın inkişafı üçün real imkanların mövcud olduğunu söyləyib və baş konsul Sultan Qasımovun Sankt-Peterburq Hökumətinin müvafiq komitə rəhbərləri ilə görüşlərinin təşkilində kömək göstərəcəklərini vurğulayıb. O, Azərbaycan Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında regional əməkdaşlığın yüksək səviyyəsini xüsusi qeyd edib.
Sonda baş konsulluq adından Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinə xatirə hədiyyələri təqdim olunub.