MƏDƏNİYYƏT


Azərbaycan Humanitar elmlər üzrə II Beynəlxalq Forumda təmsil olunacaq

Bakı, 22 may, AZƏRTAC

Mayın 25–dən 27-dək Qazaxıstanın paytaxtı Astanada türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçiriləcək.

Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulub. Forumda iştirak etmək və əməkdaşlıq memorandumunun imzalanması məqsədilə mərkəzin direktoru Asif Usubəliyev Astana şəhərinə səfər edəcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər, eyni zamanda, mədəni irs nümunələrinin təbliği istiqamətində də müxtəlif layihələrin icrasını planlaşdırırlar.

Forumda “Türkdilli ölkələrin mədəniyyət siyasətinin prioritetləri” mövzusunda məruzə ilə çıxış edəcək Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, sözügedən əməkdaşlıq, eyni zamanda, ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağı artıracaq. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiya ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaq.

Qeyd edək ki, ənənəvi xarakter daşıyan Forum Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə təşkil olunur. Forumun əsas strateji hədəfi türkdilli ölkələrin alim və ziyalılarının potensialını cəlb etməklə, bu ölkələrin humanitar inteqrasiyasını və birgə layihələrin icrasını təmin etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.