İQTİSADİYYAT
“Azərbaycan İES” yeddi ayda 4 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib
Bakı, 28 avqust, AZƏRTAC
“Azərbaycan İES” cari ilin 7 ayı üçün texniki-iqtisadi göstəricilər üzrə verilmiş proqnozları tam həcmdə yerinə yetirib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansiyada yeddi ay ərzində elektrik enerjisinin istehsalı 4 milyard 257,1 milyon kilovat-saat təşkil edib. İyul ayında isə energetiklər 665 milyon 338 min kilovat-saat elektrik enerjisi istehsalına nail olublar.
Qeyd olunub ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəriciləri üzrə də yüksək nəticələr əldə edilib.
İyul ayı ərzində enerji bloklarının və avadanlıqların dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə profilaktiki yoxlama işləri aparılıb. İkinci enerji blokunda əsaslı təmir işləri başa çatdırılıb və blok şəbəkəyə qoşulub. Birinci enerji bloku isə əsaslı təmirə verilib.
Hazırda stansiyada sutka ərzində dispetçer yük cədvəlinə uyğun olaraq 25-27 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.