MƏDƏNİYYƏT
Azərbaycan “İTB Berlin” beynəlxalq turizm sərgisində bu il də uğurla təmsil olunur
Berlin, 6 mart, AZƏRTAC
Martın 4-dən 8-dək Almaniyanın paytaxtı Berlin şəhərində dünyanın aparıcı və ən böyük turizm sərgilərindən olan “İTB Berlin” sərgisi keçirilir.
Sərgidə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət rəqs heyəti, eləcə də Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, yerli turizm şirkətlərinin nümayəndələri ilə təmsil olunur. Azərbaycan təmsilçiləri 104 kvadratmetrlik ölkə stendində ölkəmizin turizm potensialını nümayiş etdirməklə yanaşı, zəngin mədəniyyətini də təbliğ edirlər.
Martın 5-də “İTB Berlin” sərgisində Azərbaycanın milli stendində tədbir keçirilib. Turizm şirkətlərinin nümayəndələrinin, beynəlxalq turizm sənayesinin təmsilçilərinin, bu sahə üzrə ekspertlərin və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın turizm imkanları haqqında təqdimat edilib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbirdə çıxış edərək ölkəmizdə turizm infrastrukturunun inkişafına yönələn fəaliyyətdən, “İTB Berlin” sərgisi ilə uğurlu əməkdaşlıqdan, Azərbaycanın yaxınlarda “Bakı-2015” birinci Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyindən danışıb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri rəqs proqramı ilə çıxış ediblər.
Sonra tədbirdə iştirak edən 25-dək beynəlxalq turizm şirkətinin nümayəndələri Azərbaycan stendində təmsil olunan şirkətlərin təmsilçiləri ilə görüşərək, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrinə qonaq ediliblər.
“İTB” beynəlxalq turizm sərgisi hər il ənənəvi olaraq “Messe Berlin” sərgi kompleksində, 26 sərgi zalında təşkil olunur. Builki sərgidə 180 ölkədən 10 mindən artıq iştirakçı təmsil olunub.
Ölkəmiz “İTB Berlin” beynəlxalq turizm sərgisində 2002-ci ildən etibarən hər il iştirak edir. “İTB” beynəlxalq turizm sərgisində iştirak Azərbaycanın turizm potensialının Almaniya və dünya turizm bazarında tanıdılması baxımından çox faydalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin