SİYASƏT


Azərbaycan-İordaniya əlaqələrinin inkişafı üçün böyük potensial var

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla İordaniya arasında siyasi münasibətlərin dövlət başçıları səviyyəsində daim inkişaf etdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə, həmçinin ölkələrimiz arasında turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın mövcudluğunu nəzərə çatdırıb. İkitərəfli faydalı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu xatırladan Artur Rasi-zadə qonaqların Bakıya səfərinin də qarşılıqlı təcrübə və fikir mübadiləsi baxımından səmərəli keçəcəyinə, həmçinin əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Söhbət zamanı beynəlxalq terrorizm, ekstremizm və etnik separatçılıq meyilləri ilə mübarizə kontekstində Ermənistan dövlətinin hərbi təcavüzkarlıq siyasətinə toxunan Baş nazir İordaniya dövlətinin beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəklədiyini, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduğunu məmnunluqla qeyd edib.

Atef Yusif Saleh əl-Taravneh İordaniyanın Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, regionun ən inkişaf etmiş zəngin ölkəsi ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini deyib.

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya idmançılarının da geniş heyətlə iştirakını xatırladan Atef Yusif Saleh əl-Taravneh bu irimiqyaslı beynəlxalq idman tədbirinin xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.