SİYASƏT


Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin daha da dərinləşdirilməsi məsələsi müzakirə edilib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Milli Məclisin deputatı Cavanşir Paşazadənin İordaniyaya səfəri çərçivəsində bu ölkənin parlamentinin yuxarı palatasının, İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan Abdulhəlim ən-Nəmr əl-Həmud və parlamentlərarası dostluq qrupunun yeni üzvü Himad Əli əl-Muayata ilə görüşündə ölkələrimizin əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsinin, dostluq qruplarının yaradılmasının, mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

M.A.əl-Həmud V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə səfərini məmnunluqla xatırladıb, Forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin beynəlxalq müstəvidə əhəmiyyəti, seçilmiş mövzuların aktuallığı, “dəyirmi masa”lar çərçivəsində edilmiş çıxışlar və aparılmış müzakirələrin səmərəliliyi barədə danışıb.

Milli Məclisin deputatı C.Paşazadə ötən ay İordaniyada şəffaf və demokratik parlament seçkilərinin keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi, dini və mədəni köklərə əsaslandığını qeyd edib, Prezident İlham Əliyev ilə Kral II Abdulla arasındakı şəxsi dostluq münasibətlərinin bu əlaqələrin inkişafına müsbət təsirini vurğulayıb.

C.Paşazadə Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin respublikamızda böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb, ötən müddətdə ölkəmizin keçdiyi uğurlu inkişaf yolu və nailiyyətlər barədə məlumat verib.

Müxtəlif xalqların və dinlərin nümayəndələrinin qədim zamanlardan indiki dövrə qədər Azərbaycanda sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdıran C.Paşazadə respublikamızın həm də tolerantlıq nümunəsi kimi tanındığını, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirib.

Milli Məclisin deputatı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı son durum haqqında söhbət açıb. O, münaqişə ilə bağlı ədalətli mövqeyinə görə İordaniya tərəfinə təşəkkürünü bildirib, Xocalı soyqırımı ilə əlaqədar İordaniya Senatının qəbul etdiyi bəyanatın əhəmiyyətini vurğulayıb.

M.A.əl-Həmud gələcəkdə təmasların davam etdirilməsinin önəmini qeyd edib, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə təbriklərini və xoş arzularını çatdırıb.

Senatın digər üzvü H.Ə.əl-Muayata İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü təyin olunmasından, qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylə fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edib.

Görüşdə ölkəmizin İordaniyadakı səfirliyinin müşaviri İ.Əliyev və attaşe V.Hacıyev də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.