İQTİSADİYYAT


Azərbaycan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasında mühüm rol oynayır VİDEO

A+ A

Pekin, 28 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdə olub.

“Çin Dəmir Yolları”nın sədr müavini Yan Yudun ilə görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmaların əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da dərinləşməsinə öz töhfəsini verdiyi vurğulanıb. Bu istiqamətlərdən biri də hər iki tərəf üçün böyük maraq kəsb edən nəqliyyat, o cümlədən dəmir yolu, yük daşımaları sahəsində əməkdaşlıqdır.

Yan Yudun Çin Xalq Respublikasının Sədri Si Cinpinin tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına Azərbaycanın böyük töhfələr vermək imkanına sahib olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, habelə ölkədən keçən digər nəqliyyat dəhlizlərinin Azərbaycanın nəqliyyat-tranzit sahəsində əhəmiyyətini yüksəltdiyini, Çinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daim istifadə etməkdə maraqlı olduğunu bildirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov coğrafi mövqe baxımından bir neçə nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən Azərbaycanın öz tranzit imkanlarından istifadə etməklə “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, iki ölkənin nəqliyyat, o cümlədən dəmir yolu istiqamətində əməkdaşlığı üçün normativ-hüquqi bazanın təmin olunması ilə bağlı Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb.

C.Qurbanov Şərq-Qərb marşrutu və onun tərkib hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri barədə danışaraq, yüklərin Çindən Avropaya, eləcə də İran, Türkiyə və Gürcüstana daşınmasında Azərbaycanın nəqliyyat-tranzit imkanlarının istifadə edilməsinin vaxt və maliyyə baxımından daha sərfəli olduğunu diqqətə çatdırıb.

Tərəflər iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığı, habelə tranzit yük daşımaları ilə bağlı məsələlərin müzakirəsi üçün danışıqları intensivləşdirməyi qərara alıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şanxay və Çendu şəhərlərində keçirdikləri görüşlərdə də tranzit yük daşımalarına dair məsələlər müzakirə edilib. Çinin xüsusən qərb və mərkəzi vilayətlərində istehsal olunan malların Avropaya nəqlində Azərbaycan ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadənin iqtisadi baxımdan daha əlverişli olduğu vurğulanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.