İQTİSADİYYAT
“Azərbaycan İpoteka Fondu”nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC–nin (AİF) AZ2013008688 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz, faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların həcmi (nominal qiymətlə) 10 milyon manat, bir istiqrazın nominal qiyməti 1000 manat, tədavül müddəti 3 min 600 gün, istiqrazlar üzrə gəlirlilik 3 faizdir.
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000.00 manat təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.