İQTİSADİYYAT
“Azərbaycan İqtisadi İslahatlar icmalı”nın növbəti buraxılışı yayımlanıb
Bakı, 29 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan İqtisadi İslahatlar icmalı”nın növbəti sayını üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, buraxılışda “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qısa məzmunu oxucuların diqqətinə çatdırılıb. Ölkədə aqrar sahədə aparılan islahatlara icmalda xüsusi yer ayrılıb. Belə ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" şərh edilərək sahibkarları maraqlandıran əsas suallara cavab verilib. Eyni zamanda, icmalda güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı, həmçinin Mənzil Məcəlləsində edilmiş dəyişikliklərin sadə izahı islahatların mahiyyətini başa düşmək üçün faydalıdır.
“Azərbaycan İqtisadi İslahatlar icmalı”nda “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında edilmiş dəyişikliklərin ekspertlər tərəfindən qısa şərhi verilib.
İcmalın son buraxılışında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin edilməsi də öz əksini tapıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən ölkədə aparılan iqtisadi islahatlar, bu istiqamətdə imzalanmış sənədlər barədə geniş ictimaiyyətdə informasiya təminatını yaxşılaşdırmaq, beynəlxalq qurum və təşkilatları dolğun məlumatlandırmaq üçün yaradılan “Azərbaycan İqtisadi İslahatlar icmalı” adlı (Azerbaijan Economic Reforms Review) bülleten onlayn olaraq üç dildə – Azərbaycan, rus və ingilis dillərində mütəmadı yayımlanır. İcmal həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda yüz minlərlə oxucuya çatdırılır.
“Azərbaycan İqtisadi İslahatlar icmalı” ilə hər üç dildə bu link vasitəsilə tanış olmaq mümkündür: http://iqtisadiislahat.org/columns