İQTİSADİYYAT
Azərbaycan İran ilə beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyəti müzakirə edib
Bakı, 12 iyul, Elvin Camalov, AZƏRTAC
Azərbaycan İran ilə beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyəti müzakirə edib.
Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O bildirib ki, müzakirələr Tehranda Azərbaycan ilə İran arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası zamanı baş tutub. Azərbaycanın nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, İran tərəfdən isə Yol və Şəhərsalma Nazirliyinin Yol və Avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə idarəsinin rəisi Məhəmmədcavad Ətirçian rəhbərlik edib.
“İclasda Azərbaycan-İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcılarımızın qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq Protokol imzalanıb”, - deyə Ş.Mehmanqızı vurğulayıb.
O əlavə edib ki, tərəflər hər iki ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğunu qeyd edərək, “Şimal-Cənub” və “TRASECA” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsində regional və beynəlxalq təşkilatlarda birgə fəaliyyətlərinin davam etdirilməsi barədə razılığa gəliblər. İclasda iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.