İQTİSADİYYAT


Azərbaycan-İran sərhədinə dəmir yolu xəttinin tikintisi sürətlə davam edir

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsünün aşırımında 24 ədəd 32 metr dərinliyində özül qoyulub, iki aşırımın dayağı tikilib.

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda dəmir yolu xəttinin 7 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılıb. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 280 min kubmetr qum, qaya daşı, çınqıl və köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikiləcək. Bunun 7 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın vaxtlarda başa çatacaq. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt var. Bunun da 10-u yaşayış evidir. Artıq 60 yaxın obyektin, o cümlədən 3 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır.

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 2002-ci il mayın 21-də qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş”ə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.

Həmin Sərəncama uyğun olaraq, 2016-cı il aprelin 20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 2016-cı il mart 1-dən Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.