İQTİSADİYYAT
Azərbaycan, İran və Rusiya təbii qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan, İran və Rusiya təbii qazın hasilatı, nəqli və çatdırılması sahəsində texnologiya mübadiləsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə tərəfdar çıxırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin tərəfindən avqustun 8-də imzalanan Zirvə görüşünün Birgə Bəyannaməsində deyilir.
Bildirilir ki, tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının davamlı fəaliyyət göstərməsi üçün Azərbaycan, İran və Rusiyanın verdikləri vacib töhfəni qeyd edir və bu sahə üzrə, o cümlədən təbii qazın hasilatı, nəqli və çatdırılması sahəsində texnologiya mübadiləsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə tərəfdar çıxırlar. Bununla əlaqədar, onlar beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da möhkəmləndirəcəklər.
Həmçinin tərəflər hesab edirlər ki, təbii qazın iqtisadi cəhətdən səmərəli və ekoloji təmiz yanacaq növü kimi geniş istifadəsi ətraf mühitə mənfi təsirin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmağa, eləcə də istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə Paris Sazişinin müddəalarının həyata keçirilməsinə yardım edəcək.