İQTİSADİYYAT
Azərbaycan İrana mövcud infrastrukturundan istifadə etməyi təklif edib
Tehran, 5 avqust, AZƏRTAC
Azərbaycan İrana neft və qazını Avropa bazarlarına ixrac etmək üçün mövcud infrastrukturundan istifadə etməyi təklif edib.
Bu təklifi Azərbaycanın İranda səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkənin neft naziri Bijən Namdar Zəngənə ilə görüşdə irəli sürüb. Nazir, həmçinin neft və qaz istehsalında istifadə olunan müasir avadanlıqların istehsalı üçün birgə zavodun yaradılması təklifi ilə çıxıb edib.
Bundan başqa, Azərbaycan İrana qazın saxlanması və tələbatın artım dövründə ondan istifadə etmək üçün yeraltı qaz anbarlarından yararlanmağı təklif edib.
Neft naziri diqqətə çatdırıb ki, İran Xəzər dənizində neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər. “Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycan tərəfindən cavab gözləyirik. Əgər razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq”, - deyə o, vurğulayıb.
Bildirilib ki, İranda neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin böyük təcrübəsi var və onlar Azərbaycanda işləməyə maraq göstərir. Eyni zamanda, Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər İranda işləyə bilərlər.
Diqqətə çatdırılıb ki, İran neft avadanlığının istehsalı sahəsində böyük təcrübəyə malikdir: “Biz neft avadanlığının birgə istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq”.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan İranla birlikdə neft avadanlığının istehsalı sahəsinə sərmayə qoymağa hazırdır.
Nazir vurğulayıb ki, Azərbaycan öz neftini müxtəlif istiqamətlər üzrə nəql etməyə, həmçinin qarşılıqlı əməkdaşlığa səy göstərir. “Tərəfdaş ölkələrlə əməkdaşlıqda qarşılıqlı maraq, səmərəlilik və hörmət prinsiplərinə əsaslanırıq”, - deyə o əlavə edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və başqaları görüşdə iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran