İDMAN


Azərbaycan İslam Həmrəylik Oyunları tarixində ilkə imza atacaq VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC 

Gələn il təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminə beş aydan bir az çox vaxt qalıb. Əsas işlərimiz bu gündən başlayır. Yarışa hazırlıq plana uyğun gedir və heç bir gecikmə yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq çərçivəsində şef-de-missionların seminarından sonra təşkil olunan mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Tədbirdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran nazir bildirib ki, seminarda nəqliyyat, idmançıların qarşılanması, yerləşdirilməsi, dopinq məsələləri və digər mövzularda fikir mübadiləsi aparılıb. Çox məhsuldar görüş keçirildi. Burada qonaqlar üçün müxtəlif təqdimatlar da təşkil olunub. Ümid edirik ki, 57 İslam ölkəsinin idmançıları gələn ilin mayında Bakıda təşkil olunacaq mötəbər yarışa qatılacaq və Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.

Azad Rəhimov deyib: “İlk Avropa Oyunlarının Əməliyyat Komitəsinə 500 əcnəbi və min yerli mütəxəssis cəlb olunmuşdu. IV İslam Həmrəylik Oyunlarının təşkilati işlərində isə əsasən yerli mütəxəssislərdən istifadə olunur. Hazırda Əməliyyat Komitəsində 50-yə yaxın əcnəbi mütəxəssis çalışır”.

Yaxın günlərdə ölkəmizdə Antidopinq Agentliyinin yaradılacağını diqqətə çatdıran nazir Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən yerli federasiyaya hər hansı sanksiyanın tətbiq olunmadığını qeyd edib. A.Rəhimov bundan sonra yığmanın üzvlərində istifadəsi qadağan olunmuş preparat aşkarlandığı zaman millimizin ikiillik müddətə yarışlardan kənarlaşdırılacağını diqqətə çatdırıb.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar bildirib ki, yarışa 50 ölkədən idmançıların qatılacağı təsdiqlənib. Bu, İslam Həmrəylik Oyunlarının tarixində ilk belə göstəricidir. Azərbaycanın idman arenaları yarışa tam hazırdır. Azərbaycanın çox böyük təcrübəsi və potensialı var. Atletlər kəndinin şəraiti heyrətamizdir. Oyunların əvvəlkilərdən daha yüksək səviyyədə təşkil olunacağına əminəm.

Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətindən danışarkən baş katib deyib: “Ötən ilin iyununda dünyanın idman ictimaiyyətinin diqqəti Bakıya yönəlmişdi. Qitənin ən güclü idmançılarına öz qapılarını açan Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə mükəmməl təşkilatçılıq qabiliyyətini bir daha göstərdi. Azərbaycanda irimiqyaslı yarışların uğurla təşkili üçün lazımi şərait var. Bakı Olimpiya Oyunlarını da yüksək səviyyədə təşkil etmək potensialına malik şəhərdir”.

Mötəbər yarışa idmançıların seçim prosesinin iştirakçı ölkələrin idman qurumları tərəfindən aparıldığını diqqətə çatdıran Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Bakı-2017”də komanda və fərdi idman növlərində idmançı kvotası haqqında məlumat verib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə dekabrın 8-də şef-de-missionlar üçün seminar işə başlayıb. Dekabrın 9-dək davam edəcək seminara 50 ölkədən 70-dən artıq nümayəndə qatılıb. Seminarın birinci günündə akkreditasiya, nəqliyyat, idmançıların təhlükəsizliyi məsələləri, həmçinin onların qalacağı Atletlər Kəndindəki vəziyyət müzakirə olunub, iştirakçı ölkələrin təklifləri dinlənilib. Tədbirin ikinci günündə şef-de-missionlar Bakı Su İdmanı Sarayına, Bakı Atıcılıq Mərkəzinə, Milli Gimnastika Arenasına, Bakı Olimpiya Stadionuna, “Baku Crystal Hall”a və Atletlər kəndinə baxış keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.