SİYASƏT
Azərbaycan İslam dünyası ilə Qərb arasında mədəni körpüdür VİDEO
İslamabadda Respublika Günü münasibətilə mərasim keçirilib
İslamabad, 31 may, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfirliyi 28 May -Respublika Günü münasibətilə İslamabad şəhərindəki "Serena” mehmanxanasında təntənəli mərasim keçirib.
Pakistanın dövlət naziri Məhəmməd Baliğur Rəhmanın ali qonaq qismində qatıldığı tədbirdə ordu generalları və digər yüksək rütbəli zabitlər, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin portretləri asılmış salonda müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafından bəhs edən videoçarx nümayiş olunub, milli musiqimiz səsləndirilib.
Məhəmməd Baliğur Rəhman Azərbaycana səfərini xatırladıb və ölkəmizin gündən-günə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Pakistanının münasibətləri dostluq və qardaşlıq dəyərlərinə əsaslanır. Pakistan daim Azərbaycanın yanındadır və Ermənistanın Azərbaycan torpaqlarının işğalını ən sərt şəkildə qınayır. Pakistan Senatı Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Azərbaycan da çətin zamanlarda Pakistanın yanında olub, Heydər Əliyev Fondu burada mühüm humanitar layihələr həyata keçirib.
Çıxış edənlər Azərbaycan xalqının azadlıq əzmindən, dövlətçilik ənənələrindən və zəngin mədəniyyətindən danışıblar. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa müddət ərzində görülən işlərdən söhbət açılıb. Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu gün müasir dövlət quruculuğu yolunda inamla irəliləyir, İslam dünyası ilə Qərb arasında mədəni körpü rolunu oynayır.
Çıxışlarda Azərbaycanla Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın ölkəmizə hərtərəfli dəstəyindən, Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələrdən bəhs olunub.
Qonaqlara Azərbaycan həqiqətlərindən, ölkəmizin iqtisadi və turizm potensialından bəhs edən kitab və broşürlər paylanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad