CƏMİYYƏT
Azərbaycan-İsrail QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz və onun müavini Ronen Krauszla görüşüb.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İsrail QHT-lərinin əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
Səfir R.Harpaz dövlətlərimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. O, Xocalı soyqırımı ilə bağlı bu günlərdə İsraildə keçirilən tədbirdə xarici işlər naziri Aviqdor Libermanın iştirakının buna sübut olduğunu deyib. Diplomat Azərbaycanın multikulturalizm təcrübəsinin bütün dünyada tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.
Şura sədri Azay Quliyev yəhudi icmasının tarix boyu Azərbaycanda bərabərhüquqluluq şəraitində yaşadığını və ölkə həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. O, Şuranın bütün QHT-lərlə, o cümlədən yəhudi icmasının yerli və beynəlxalq təşkilatları ilə möhkəm əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu bildirib.