İQTİSADİYYAT


Azərbaycan İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresində təmsil olunacaq

A+ A

Bakı, 22 avqust, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan oktyabrın 9-13-də İstanbulda keçiriləcək Dünya Enerji Şurasının XXIII Dünya Enerji Konqresində təmsil olunacaq.

AZƏRTAC Dünya Enerji Şurasına istinadla xəbər verir ki, konqresdə qlobal enerji sektorunun liderləri bir araya gələcək. Dörd gün davam edəcək tədbirdə 130 ölkədən 250 natiq qatılacaq. Natiqlər arasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Səudiyyə Ərəbistanının enerji, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih, İranın enerji naziri Həmid Çitçiyan, “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller, BP-nin baş icraçı direktoru Robert Dadli, “E.ON” rəhbəri Johannes Teyssen, “Sabancı Holdinq”in direktoru Gülər Sabancı və Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol var.

Qeyd edək ki, XXIII Dünya Enerji Konqresinin İstanbulda təşkil edilməsi ilə bağlı qərar 2012-ci il noyabrın 5-8-də Şuranın Baş Assambleyasının yığıncağında qəbul edilib. Keçirilən səsvermə nəticəsində Baş Məclis “Dünya Enerji Konqresi-2016”nın İstanbulda keçirilməsinə qərar verib.

Konqres Türkiyənin təqdimatı ilə yanaşı, İstanbulun iqtisadiyyatına mühüm dəstək olacaq. Təxminən 5-6 min nümayəndənin iştirakı nəzərdə tutulan budəfəki konqresdə enerji sərgisi də təşkil ediləcək. Dünyanın tanınmış enerji mütəxəssisləri, səlahiyyətliləri və enerji şirkətlərinin nümayəndələrinin qatılacağı bu konqresdə qarşılıqlı işgüzar görüşlərin keçirilməsi üçün əlverişli platforma olacaq. Həmçinin enerjidə yeni texnologiyalar, enerji ilə bağlı maşın və avadanlıqlar sərgilənəcək.

Tədbir çərçivəsində dünyanın enerji liderlərinin gələcək barədə fikirləri dinləniləcək, sessiyalar keçiriləcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.