QAN YADDAŞI
Azərbaycan İstiqlal Muzeyində “Xocalısız 20 il” mövzusunda sərgi açılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun Xocalı faciəsinin iyirminci ildönümünə həsr olunmuş “Xocalısız 20 il” adlı fərdi sərgisi açılmışdır.
Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Fəridə Şəms sərgi haqqında məlumat vermişdir. Bildirmişdir ki, hər il muzeydə Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində belə sərgilərin təşkilinin əhəmiyyəti böyükdür.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamların yaradıcılığında Xocalı mövzusundan danışmışdır. Bildirilmişdir ki, son iki ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Rəssamlar İttifaqında Xocalı faciəsinə həsr olunmuş müsabiqələr keçirilir. Gənc rəssam Nazim Məmmədov 2011-ci ildəki müsabiqənin qaliblərindən biri olmuşdur. Gəncliyinə və mövzu üzərində bir neçə ildir işləməsinə baxmayaraq, onun əsərləri maraqlıdır. A.İbrahimov gənc rəssama yaradıcılıq uğurları arzulamışdır.
Digər çıxışlarda da Xocalı faciəsinin mahiyyəti və ağır nəticələrindən danışılmışdır. Vurğulanmışdır ki, Xocalı faciəsinə dünya miqyasında hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük işlər görülür.
Gənc rəssam Nazim Məmmədov tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, bu istiqamətdə yaradıcılığını davam etdirəcəyini söyləmişdir.
Sonra sərgiyə baxış olmuşdur.
Sərgidə rəssamın 20 əsəri nümayiş etdirilir.