İQTİSADİYYAT
Azərbaycan İsveçrə üçün stabil maliyyə bazarlarına malik və vacib tərəfdaş ölkədir
Bakı, 18 iyul, AZƏRTAC
İsveçrə Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirir. Azərbaycan İsveçrə üçün stabil maliyyə bazarlarına malik və vacib tərəfdaş ölkədir.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Mərkəzi Bankın sədri Elman Rüstəmovun İsveçrə Konfederasiyasının maliyyə naziri Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə səsləndirilib. Görüşdə Azərbaycan və İsveçrə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
E.Rüstəmov Azərbaycan və İsveçrə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri, həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə uğurla həyata keçirilmiş birgə layihələr barədə məlumat verib. Qeyd edib ki, hazırda ölkədə postneft dövrü başlayıb, iqtisadiyyatda struktur islahatları aparılır və insan kapitalının gücləndirilməsi prioritet istiqamətlərdən biridir.
Ulrix Maurer ölkəsinin Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək Azərbaycanın İsveçrə üçün stabil maliyyə bazarlarına malik, vacib tərəfdaş ölkə olduğunu, eləcə də əlaqələrin daha da təkmilləşdirilməsinin zəruriliyini bildirib. Nümayəndə heyətinin rəhbəri SECO-nun Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə dəstəyin olacağını deyib.
Görüşdə, həmçinin ölkələr arasında texniki yardım proqramlarının, təcrübə mübadiləsi sahəsində fəaliyyətin genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.