SİYASƏT


Azərbaycan Kamerun ilə parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Kamerun ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Kamerun Parlamentinin (Milli Assambleyasının) vitse-spikeri Emilia Monyava Zifaka və millət vəkilləri ilə keçirdiyi görüşdə deyib.

Azərbaycanın Kamerun ilə bütün sahələrdə, həmçinin də parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirən Milli Məclisin deputatı iki ölkə arasında əlaqələrin getdikcə artmasını sevindirici hadisə kimi qiymətləndirib. Azərbaycan parlamentinin Kamerunla əlaqələrin və dostluğun inkişafına verdiyi önəmdən danışan Q.Paşayeva bu istiqamətdə artan münasibətlərin vacibliyini qeyd edib.

Görüş zamanı Milli Məclisin deputatı Q.Paşayeva Azərbaycan həqiqətləri, bir milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə qayıtması üçün səylərini artırmalıdırlar.

Q.Paşayeva Kamerun parlamentinin vitse-spikeri E.Monyavaya və parlament üzvlərinə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları təqdim edib. O, nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar və sənədli filmlər də verib.

Milli Məclisin deputatı Kamerun parlamentinin vitse-spikeri E.Monyava Zifakanı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.

Kamerun parlamentinin vitse-spikeri Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib və ölkəsinin Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən vitse-spiker beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.