MƏDƏNİYYƏT
Azərbaycan Kanadada keçirilən irs festivalında təmsil olunub
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Kanadanın Alberta əyalətindəki Kalqari şəhərində keçirilən irs festivalında geniş təmsil olunub.
AZƏRTAC xəbər verir ki, festivala 20-dən çox ölkə, ictimai birlik və diplomatik nümayəndəlik qatılaraq, öz xalqlarının mədəniyyətlərini, musiqilərini və milli mətbəxlərinin nümunələrini sərgiləyiblər.
Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti ölkəmizin zəngin mədəniyyətinin və milli mətbəximizin tanıdılması məqsədilə festivalda guşə təşkil edib. Guşədə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, milli geyimlər, suvenirlər və ölkəmizlə bağlı broşürlər sərgilənib.
Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Famil Qarayev bildirib ki, festival çərçivəsində guşəni ziyarət edənlərə milli mətbəximizin nümunələri təqdim olunub, Azərbaycanla bağlı həqiqətlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.
Tədbirdə “Azəri Kalqari” qrupunun gənc üzvləri milli rəqslərimizdən nümunələr ifa ediblər. Onların çıxışları festivalda iştirak edən qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Kanadada Kalqari multikulturalizm şəhəri kimi tanınır. Azərbaycanda elan olunan “Multikulturalizm ili”ndə ölkəmizin bu festivalda təmsil olunması xüsusi əhəmiyyət kəsb edirdi. Kalqaridə yaşayan, milliyyəti, dili, dini fərqli olan yüzlərlə kanadalı festivalda Azərbaycanın zəngin multikultural dəyərləri ilə tanış olmaq imkanı qazanıb.