REGİONLAR
“Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi”nin nümayəndələri Göyçayda fermerlərə təlim keçib
Bakı, 11 noyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) müştərək layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi”nin (AZAFF) nümayəndələri Göyçay rayonunda fermerlərin maliyyə savadlılığı mövzusuna həsr olunmuş təlim keçiblər.
AYİB-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə noyabrın 11-də keçirilən təlim özündə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacının və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması kimi önəmli məqamları birləşdirib. AZAFF bir ildən artıq müddətdir ki, Azərbaycanda uğurlu həyata keçirilir. Bu layihə çərçivəsində fermerlərin maliyyə savadlılığının artırılmasına dair artıq 7 təlim keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Rayon İdarəsinin nümayəndələrinin dəstəyi və iştirakı ilə keçirilən təlimdə 25-ə yaxın yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak edib.
Göyçay rayon idarəsinin rəhbəri Elçin İsmayılov bildirib ki, bu cür seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Layihənin aparıcı eksperti İlqar Tağıyevin “Fermerlərin maliyyə savadlılığının artırılması” mövzusunda keçirdiyi interaktiv təlimdə tədris materiallarının fermerlərə izahı ilə yanaşı, onların öyrəndiklərinin nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti paylanıb. Təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaqdır.
Seminar müddətində fermerləri maraqlandıran suallar və məsələlər müzakirə olunub. Tədbirin sonunda fermerlərə sertifikatlar verilib.
AZAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlılığı mövzusunda təlimlər gələcəkdə davam etdiriləcək.