SİYASƏT


Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi rola malikdir

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfəri çərçivəsində bu ölkənin Senatının birinci vitse-prezidenti xanım Daira de Xesus Qalvis Mendeslə görüşüb. Görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri Senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğunu bildirib. Nazir Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Senatının davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Senatorlar 2016-cı il sentyabrın 29-30-da ölkəmizdə keçirilmiş V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycanda səfərdə olduqlarını, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, xarici işlər naziri və Milli Məclisin deputatları ilə görüşlərini məmnuniyyətlə xatırlayıblar. Həmçinin dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

E.Məmmədyarov, həmçinin uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün çoxsaylı imkanlar yaradacağına ümid etdiyini vurğulayıb.

Görüş əsnasında Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorlar tərəfindən imzalanaraq qəbul edilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə nazir Elmar Məmmədyarova təqdim edilib.

Bu xüsusda, E.Məmmədyarov Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın xarici əlaqələr komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Kalderon, xarici işlər naziri xanım Maria Anxela Olgin, biznes dairələri ilə məhsuldar görüşlər keçirdiyini və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.