SİYASƏT


Azərbaycan-Kolumbiya siyasi əlaqələrinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Milli Konqresinin birinci vitse-prezidenti xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafı, gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

Nazir E.Məmmədyarov Kolumbiya hökuməti və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişinin imzalanması münasibətilə Kolumbiya xalqına təbriklərini çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı kolumbiyalı parlamentarilərə ətraflı məlumat verən nazir rəsmi Yerevanın təcavüzkar və destruktiv siyasət yürütməsi nəticəsində münaqişənin hələ də həll olunmadığını təəssüflə qeyd edib. E.Məmmədyarov, həmçinin Kolumbiyanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

O, Kolumbiyanın dəstəyi ilə ADA Universitetində təşkil olunan ispan dili kurslarının praktiki əhəmiyyətini qeyd edib.

Xanım Daira de Xezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin təşviq edilməsi, eləcə də regionlararası təmasların artırılmasının zəruriliyini vurğulayıb. Qonaqlar Bakıda keçirilən Humanitar Forum və onun gündəliyində duran məsələlərin müasir dünya üçün aktual xarakter daşıdığını bildiriblər.

Görüşdə, həmçinin iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.